18 sentyabr Ümumdünya Su Monitorinqi Günüdür
18 Sentyabr 2019, 16:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayında növbəti monitorinq həyata keçirib. Sentyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının III ongünlüyünə nisbətən 31 m3/san artaraq 133 m3/san təşkil edib. Bunu jurnalistlərə açıqlamasında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisi Gülnarə Abbasova deyib.
Monitorinqin nəticələrinə əsasən Kür və Araz çaylarının yuxarı axınında yerləşən Gürcüstan və Ermənistan respublikalarının ərazilərindən bu su obyektlərinə lazımi təmizlənmə aparılmadan əksər hallarda isə birbaşa axıdılan məişət və sənaye mənşəli çirkab suların təsiri nəticəsində çaylarda bəzi zərərli maddələrin miqdarı sanitar-ekoloji normadan artıq olması müşahidə olunub. Sərhəddən keçdikdən sonra Kür çayı -Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində spesifik çirkləndiricilərin miqdarının normadan çox olması müəyyənləşdirilib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4,9 -6,90 mq/l arasında dəyişib.
Sentyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibində fenollar aşağıdakı məntəqələr üzrə Kür-Şıxlı-2-də 1,2 , Agstafa s\a Musaköy k.-də 1,2, Ağstafaçay-Qazax şəhərində isə 1,8 dəfə normanı keçib. Araz çayı-Horadiz, Araz çayı-Bəhramtəpə və Araz çayı-I Şahsevən məntəqələrində isə fenollar 1,9-2,5 dəfə normanı keçib. Biogen maddələrin isə yol verilən qatılıq həddini (YVQH) keçdiyi qeydə alınmayıb.
Xatıqladaq ki, 18 sentyabr Ümumdünya Su Monitorinqi Günüdür. Bu gün Amerika Təmiz Su Fondu tərəfindən su obyektlərinin çirklənməsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2003-cü ildə təsis edilib və həmin gün dünyanın bir çox ölkəsində qeyd edilir.