Onlayn ictimai dinləmə keçirilib
07 May 2020, 17:40
Əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial və infrastruktur əhəmiyyətli layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və əhalinin məlumatlandırılması məqsədilə 7 may 2020-ci il tarixində onlayn ictimai dinləmə keçirilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun bildirdiyinə görə, layihə icraçılarının, ictimaiyyət və QHT nümayəndələrinin, aidiyyəti mütəxəssislərin iştirak etdiyi ictimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, onların kompensasiya mexanizmləri açıqlanıb, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.
M.Qənbərov bildirib ki, dinləmələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı şəhəri Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi üçün təqdim etdiyi layihədə tikinti altına düşən ağacların 17-nin köçürülməsi, köçürülməsi mümkün olmayan 5 ağacın isə götürülməsi məsələsinə baxılıb. Eyni zamanda Dövlət Gömrük Komitəsinin tikinti ilə bağlı təqdim etdiyi layihədə tikinti altına düşən ağacların köçürülməsi məsələsi müzakirə olunub.
“Xırdalan şəhərində Abşeron rayon Mərkəzi Xəstəxanasının giriş və çıxış yollarının inşası, Azəristiliktəchizat ASC tərəfindən Xətai rayonu, Aşıq Ələsgər küçəsindən Ukrayna dairəsinədək olan yol kənarı ərazidə istilik xətti üzərində aparılacaq təmir işləri və digər özəl şirkətlər tərəfindən təqdim olunan tikinti layihələrində ərazilərdəki yaşıllıqların köçürülməsi və götürülməsi məsələləri müzakirə olunub, yekun rəyin qəbulu üçün maraqlı tərəflərin mövqeyi dinlənilib”.
Agentlik rəsmisi onu da qeyd edib ki, təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmələrdən sonra rəy verilir.