Faydalı Bölmələr

Hidrometeoroloji müşahidə şəbəkəsi

Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsində  struktur üzrə 54 Hidrometeoroloji stansiya, 1 Aqrometeoroloji Stansiya, 1 İxtisaslaşdırılmış Göl Stansiyası, 2  Dəniz Hidrometeoroloji Stansiya, 6 Radiometeoroloji Stansiya, 1 Aeroloji Stansiya , 32 Hidrometeoroloji məntəqə, 26 hidroloji məntəqə, 1 buzlaq məntəqəsi,  15 meteoroloji məntəqə, 8 Dəniz Hidrometeoroloji məntəqə ,4 Aqrometeoroloji məntəqə fəaliyyət göstərir. Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında meteoroloji, hidroloji, aqrometeoroloji, aktinometrik müşahidələr, dəniz hidrometeoroloji  müşahidələrin fasiləsiz olaraq aparılması təmin edilir.

Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılmasına 2005-2006-cı illərdən başlanılmış, indiyə qədər 68 sayda avtomat tipli meteoroloji stansiyaların qurulması ilə meteoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması tam təmin olunmuşdur Bu stansiyaların 34 ədədi Finlandiya istehsalı olan VAİSALA MAWS-310 tipli, 16 ədədi MAWS-301 tipli, 18 ədədi isə WXT-520 tipli avtomat meteoroloji stansiyalardır. Personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı 17-yə çatdırılmışdır. Bu avtomat meteoroloji stansiyalarda havanın faktiki, minimal və maksimal temperaturu, şeh nöqtəsi, nisbi rütubət, atmosfer təzyiqi, yağıntının miqdarı, torpağın temperaturu, küləyin istiqaməti, küləyin ani və maksimal sürətləri ölçülür.

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 2017-ci ilin iyul ayında 0.10 ha sahədə yaşıllaşdırma işləri aparılaraq burada MAWS-310 tipli avtomat meteoroloji stansiya və bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Culfa rayonu ərazisində yerləşən Hidrometeoroloji stansiyalarda  MAWS-310 tipli avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilmişdir.

Bundan başqa 2015-ci ilin noyabr ayında hidrometeoroloji məlumatların ötürülməsi və saxlanması prosesinin modernləşdirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamenti tərəfindən Fransanın “COROBOR Systems” şirkətinin MESSIR-COMM məlumatların toplanması-paylanması sistemi və MESSIR-CLIM iqlim məlumat bazası yaradılmışdır. Stansiyalardan daxil olan məlumatlar bu sistem vasitəsi ilə toplanılaraq arxivləşdirilir, beynəlxalq yayıma ötürülür və həmçinin mübadilə edilir.

Hidrometeoroloji məlumatların Ümumdünya Meteorologiya Təşkilatına (WMO) ötürülməsi məqsədi ilə Regional Meteoroloji Məlumat Kommunikasiya Şəbəkəsinə (RMDCN) qoşulmaq  üçün İngiltərənin Interoute şirkəti tərəfindən lazımı avadanlıqlar quraşdırılmış və şəbəkəyə qoşulmuşdur. Regional Meteoroloji Məlumat Kommunikasiya Şəbəkəsi (RMDCN) vasitəsilə ilkin olaraq Türkiyə üzərindən sinoptik xəritələrin alınması və iqlim məlumatlarının Ümumdünya Meteorologiya Təşkilatı və  Türkiyə Respublikası ilə mübadiləsi həyata keçirilməyə başlanmışdır.