Avropa zubrunun təbiətimizə reintroduksiyası
Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli demək olar ki, kəsilmişdir. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülmüşdür. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam etdirilir.
2012-ci ilin sonlarından etibarən zubrların (bizon) ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən intensiv işlər aparılır. 2015-ci ildə Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında bu sahədə imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların populyasiyasının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilmişdir.
2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiyadan Azərbaycana zubrlar gətirilir. Belə ki, 2019-cu ildə 12 baş, 2020-ci ildə 5 baş, 2021-ci ildə 9 baş, 2022-ci ildə 10 baş, 2023-cü ildə isə 10 baş zubr ölkə ərazisinə gətirilib. Təbii artımla birlikdə hazırda Şahdağ Milli Parkının ərazisində zubrların sayı 61-ə çatıb.
Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.
Ölkəmizə gətirilən zubrların daim nəzarətdə saxlanılması üçün boyunlarına GPS xaltalar taxılır. Zubrlar sözügedən ərazidə 2 il müddətində adaptasiya keçdikdən sonra hərəkət trayektoriyalarının izlənilməsi və sonrakı mərhələdə həyat tərzləri haqqında məlumatların toplanılması məqsədilə boyunlarına GPS cihazları quraşdırılmış boyunbağılarla vəhşi təbiətə buraxılır.