İşıqlı Qaragöl Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhədində yerləşir; sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir.
Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər.
Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respublikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dövlət qoruğu elan edilmişdir. Ərazisi 240 hektardır.
Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552m) yamacında 2650-2700 m hündürlükdə yerləşir.
Burada geoloji cəhətdən vulkanik dağların pliosen lava massivi, geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyəvidir. Gölün şimal, şimal-qərb və qərb tərəflərində quru ərazi yarğanlı və qayalıdır; şimal-qərb tərəflərində bir neçə gətirmə konusu var; digər hissələrində relyef düzənlikdir.
Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır. İllik yağıntının miqdarı 700 mm-dir.
Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Qoruğun bitki örtüyü zəngin deyil. Bitki nümunələrinin azlığı qoruğun quru sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun sərhədlərindən kənarda qalması ilə əlaqədardır. Burada bitki örtüyünün inkişafına və zənginliyinə uzun illər qoyun sürülərinin otarılması və suvarmaya gətirilməsi nəticəsində tapdalanaraq korlanması xeyli mənfi təsir göstərmişdir.
Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasaddır. Burada yalnız amfibi qırxbuğumu və qaymaqçiçəyi bitir.
Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir.
Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin kasad olmasına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.
İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuş və 30 ilə yaxın davam edən işğal prosesindən sonra hazırda tamamilə işğaldan azad edilmişdir.
Qoruğun müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanmışdır.