Xəbərlər

ETSN milli parklara turistlərin səfərlərini təşkil edən və ya yüksək dağlıq ərazilərə yürüşlər keçirən qurumlarla əməkdaşlıqda maraqlıdır

12 İyul 2013, 00:00

Son dövrlər Milli Parklara səfər etmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edən vətəndaşların sayının artması müşahidə olunur. Bu, Azərbaycan dövlətinin ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin inkişafı naminə qorunan təbiət ərazilərinin sayının artırılması istiqamətində yeritdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilir. ETSN bu sahədə
dövlət siyasətini həyata keçirən qurum olaraq Azərbaycan təbiətinin qorunaraq gələcək nəsillərə miras saxlanılması üçün qanunamüvafiq mühafizə tədbirləri həyata keçirir, eyni zamanda milli parklara, xüsusi mühafizə olunan təbiət ərazilərinə giriş qaydaları və normalarının geniş təbliği istiqamətində ardıcıl iş aparır. Bununla belə, müxtəlif ölkələrlə müqayisədə Azərbaycanda xüsusi mühafizə statusu olan təbiət ərazilərinə gələn ziyarətçilərin ümumi sayı kifayətedici deyil.
ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti ziyarətçilərin, turistlərin və idmançıların milli parklara gəlməsində həm əhalinin ekoloji cəhətdən maarifləndirilməsi baxımından, həm də təsdiq edilmiş normativlər və qaydalar çərçivəsində qorunan ərazilərdə ekoturizmin daha yaxşı təşkili üçün maddi baxımdan maraqlıdır. Ona görə də Azərbaycan Respublikasının milli parkları bütün vətəndaşların üzünə açıqdır və qanunvericiliklə nəzərdə tutulmuş prosedur və şərtlər daxilində onları istənilən yerli və xarici vətəndaş ziyarət edə bilər və ya hər hansı turizm şirkəti səfərlər təşkil edə bilər. Qorunan ərazilərlə bağlı aparılan siyasət, bu sahənin tənzimlənməsinə dair məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılır və ən şəffaf şəkildə beynəlxalq standartlara uyğun tənzimlənməsi həyata keçirilir. Turizm şirkətlərinin və digər qurumların üzvlərinin milli parklara səfərləri də bu sahədə qanunvericiliyə əməl etməyə hazır olan istənilən qurumla əməkdaşlıq çərçivəsində reallaşdırılır.
Qeyd edək ki, təkcə 2011-2013-cü illərdə müxtəlif idman və turizm profilli qurumlar tərəfindən Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə onlarla müraciət daxil olmuş və qanunvericiliyə əməl etmək öhdəliyini üzərinə götürən bütün müraciətlərə baxılaraq müsbət cavablandırılmışdır. Departament bu gün də milli parklara turistlərin səfərlərini təşkil edən və ya yüksək dağlıq ərazilərə yürüşlər keçirən qurumlarla əməkdaşlıq edir və bu sıraya “Kaspian tur”, “Millenium”, “Silk Way”, “Atəşgah” kimi turizm və sığorta şirkətləri daxildir.
Xüsusi qeyd edilməlidir ki, Şahdağ Milli Parkı son illər ən çox maraq doğuran milli parka çevrilmiş və bu baxımdan ənənəvi olaraq birinci olan Şirvan Milli Parkını geridə qoymuşdur. Nəzərə alsaq ki, Şahdağ Milli Parkına giriş haqqı digər milli parklardan xeyli yüksəkdir, bu, Şahdağ Milli Parkının ekoloji turizm baxımından nə qədər inkişaf etdiyini göstərir. Nəticədə milli parklara giriş üçün ödənilmiş vəsaitin də xeyli hissəsi elə Şahdağ Milli Parkının hesabında toplanmışdır. Ümumilikdə bu milli parka 2012-2013-cü illər ərzində 3182 vətəndaş daxil olmuşdur ki, bunlardan 172 nəfəri xarici ölkələrdən gələnlərdir. Parkın hesabına bu müddət ərzində 14170 manat vəsait daxil olmuşdur və hələlik bu məbləğ xərclənməmişdir. Ödənilmiş vəsaitin böyük hissəsi isə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən öz idmançılarının və xarici ölkələrdən gələn dağçı qonaqların müxtəlif zirvələrə qalxması üçün ödənilən giriş haqlarından ibarətdir və bu məbləğ 9180 manat təşkil edir. Qalan 4990 manat vəsait isə ayrı-ayrı müstəqil şəkildə parka daxil olan dağçılığa maraq göstərən yerli və xarici vətəndaşlar, turizm və idman yönlü təşkilatlar tərəfindən ödənilmişdir.
Öz növbəsində ETSN mütəmadi olaraq milli parklarda turizm fəaliyyəti nəticəsində əldə olunan gəlirləri və onların istifadəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşür və son belə məlumat 18 iyun 2013-cü il tarixində Nazirliyin internet səhifəsində (eco.gov.az) yerləşdirilmişdir.
Ümumilikdə 2011, 2012-ci illər və 2013-cü ilin 6 ayı ərzində Azərbaycan Respublikasının milli parklarına 9164 nəfər, bunlardan 1127 nəfər xarici, 8037 nəfər isə yerli vətəndaş səfər etmişdir. Həmçinin, yerli vətəndaşların 985 nəfərini imtiyazlı şəxslər (mövcud normativ sənədlərə əsasən, məktəbəqədər və məktəbyaşlı uşaqlar, əlillər, ölkəmizdə rəsmi səfərdə olan şəxslər imtiyazlı şəxslər hesab edilir və onlar ölkəmizin milli parklarına daxil olarkən ödənişdən azad olunur) təşkil etmişdir. Bu müddət ərzində vətəndaşlar tərəfindən milli parklara daxil olmaq üçün ödənilən vəsait ümumilikdə 25408 manat təşkil etmiş və həmin məbləğ istifadə olunmadan saxlanılmışdır. Bu vəsaitdən milli park ərazilərində ekoturizm fəaliyyətinin təşkili, o cümlədən yol göstəriciləri və biotualetlərin quraşdırılması, tullantılar üçün qabların alınması, stasionar düşərgələrin təşkil olunması məqsədilə istifadə edilməsi nəzərdə tutulur.