Xəbərlər

Xocavənd rayonunun işğalından 18 il keçir

02 Oktyabr 2010, 00:00

Sahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Rayonun işğalından 18 il keçir.
Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro;
ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.
Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 yaşlı Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.
Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.
Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınmış, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilmişdir.
Rayonun Kurapatkin adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fıstıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilmişdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in əldə etdiyi məlumatlara əsasən rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, işlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.
Daxil olmuş məlumatlara əsasən yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac nümunələri kökündən yanaraq məhv olmuşdur.