Xəbərlər

15 ildir ki, Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalı altındadır

28 Avqust 2008, 00:00

Azərbaycan Respublikasının cənub-qərbində Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsinin arasında 35 km uzunluğunda Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonunun ümumi sahəsi 80250 hektardır. Dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən, Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlı rayonu 31 avqust 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt olunmuşdur.
Qubadlı rayonunda dövlət meşə fondu sahəsi 13160 hektar, o cümlədən meşə ilə örtülü sahə 7288, mədəni meşə əkini 11 hektardır.
Qubadlı meşələri qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, göyrüş, söyüd, ardıc, akasiya, yemişan, armud, zoğal, qarağat və başqa ağaclar ilə örtülü idi.
Qubadlı rayonu ərazisində ehtiyatları 6247 min m3 olan və mişar daşı istehsalı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min m3 olan kərpic istehsalına yararlı Xanlıqkənd gil; ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan daşlar; istismar ehtiyatları 84 min m3/gün olan Qubadlı yeraltı şirin su yataqları vardır.
Qubadlı ərazisində diametri 80 sm, hündürlüyü 35 m, yaşı 160 il olan 2, diametri 150 sm, hündürlüyü 20 m, yaşı 300 il olan 1, diametri 150 sm, hündürlüyü 20 m, yaşı 300 il olan 2, Xanlıq kəndində diametri 800 sm, hündürlüyü 40 m, yaşı 1600 il olan 3, Zilanlı kəndində Daşlı adlanan yerdə diametri 150 sm, hündürlüyü 35 m, yaşı 300 il olan 1 ədəd Şərq çinarları, Gödəklər kəndində isə diametri 80 sm, hündürlüyü 8 m, yaşı 150 il olan 1 ədəd saqqız ağacı təbiət abidəsi kimi Dövlət qeydiyyatına alınaraq qorunurdu.
Özünəməxsus flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığı isə 1969-cü ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılaraq idarəetmə və maliyyə cəhətdən Bəsitçay Dövlət Təbiət Qoruğuna tabe idi. Yasaqlıq Qubadlı rayonunun Başarat, Deştahat, Muradxanlı, Armudlu kəndlərinin, Laçın rayonunun Yuxarı Fərəcan, Aşağı Fərəcan, Suarası Qışlaq, Xanlar kəndlərinin Dağlıq Qarabağ ərazisində isə Xocabird, Arpa Gədik, Tağ kəndlərinin ərazisində 20 min hektar sahəni əhatə edirdi.
Yasaqlıq dəniz səviyyəsindən 1500-1600 m hündürlükdə olan Böyük Kirs, Bala Kirs, Maral dağlarının əhatəsindədir. Yasaqlığın yaradılmasında məqsəd, bu ərazidə olan endemik fauna və flora növlərinin qorunması və artırılmasından ibarət idi. Burada qırmızı palıd, qoz ağacı, vələs, ağcaqayın kimi ağac növləri geniş massivdə yayılmışdı. Qeyd edək ki, meşənin zənginliyi ərazidə heyvanat aləmi üçün əlverişli şərait yaradırdı. Ceyran, cüyür, bezoar keçisi, dağ qoyunu, vəhşi donuz, qonur ayı, bəbir, vaşaq, canavar, tülkü, çaqqal, habelə turac, qırqovul, kəklik, meşə xoruzu, meşə toyuğu bu meşələrin daimi sakinləri hesab olunurdu.