Elanlar

İctimai dinləmə keçiriləcək

18 May 2023

Azərbaycan Respublikası Prezidentinin  2021-ci il 13 iyul 1394 nömrəli Fərmanının 8.1-ci bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə beynəlxalq təcrübə nəzərə alınmaqla, “Yerin təki haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinin hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılmışdır.     

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 477s nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə ilə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Yerin təki haqqında” Azərbaycan Respublikasının yeni qanununun layihəsi hazırlanmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ictimai dinləmənin və ictimai müzakirənin təmin edilməsi məqsədilə nazirliyin (eco.gov.az) və Agentliyin (meda.gov.az) saytında yerləşdirilib.

Vətəndaş cəmiyyəti instituları, mütəxəssis və ekspertlər, ayrı-ayrı vətəndaşlar buradan daxil olaraq layihə ilə tanış ola, rəy, irad və təkliflərini 17 iyul tarixinədək lhr@eco.gov.az ünvanına göndərə bilərlər.

İctimai dinləmə 26.05.2023-cü il tarixində (saat 15:00) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında keçiriləcək və təklif təqdim etmiş şəxslərə nəticə barədə 3 (üç) iş günü müddətində məlumat veriləcəkdir. Zərurət yarandığı təqdirdə növbəti iclaslar təyin ediləcək və tarixi barədə məlumat veriləcəkdir.

"Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabineti 30 may 2014-cü il tarixli 172 nömrəli qərarına əsasən:

1. Mərkəzi və yerli icra hakimiyyəti orqanları hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin rəy, irad və təkliflərinin alınması məqsədi ilə layihələrin 60 gün, yuxarı icra orqanı tərəfindən normativ hüquqi aktın layihəsinin hazırlanması üçün 3 ay və ya daha az müddət müəyyən edildikdə, 10 gün müddətində həmin orqanların rəsmi internet səhifəsinin xüsusi bölmələrində qalmasını təmin edirlər.

2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinin ictimai dinləmə və ictimai müzakirəsi açıq keçirilir. Fəaliyyət qabiliyyətinə malik istənilən vətəndaşhüquqi şəxs və vətəndaş cəmiyyəti institutları ictimai dinləmə və ictimai müzakirələrdə iştirak edə və müzakirə olunan məsələ barədə öz mülahizələrini bildirə bilərlər.

3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmənin yekun sənədi dinləmə zamanı açıqlanmış əsas fikir, rəy və təkliflərin icmalı formasında qəbul edilir.

4. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai müzakirənin yekun sənədi rəy və təkliflər formasında qəbul edilir.