Qoruqların yaranması günləri

Qoruqların yaranması günləri

İlisu Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 20 fevral 1987-ci il tarixli 57№-li Qərarı ilə 9345 hektar ərazidə yaradılmışdır. Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və İsmayıllı qoruqlarının arasında 700-2100 m hündürlükdə yerləşir. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart tarixli Qərarı ilə qoruğun ərazisi genişləndirilmiş və hazırda qoruğun sahəsi 17381,6 hektardır.

Qarayazı Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax rayonu ərazisində Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6000 hektara yaxın ərazidə yaradılmışdır. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verilmiş və 4855 hektar ərazisi qalmışdır. 2003-cü ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazisinin 4833,6 hektar sahəsində Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır.

1961-ci ildə Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində Azərbaycan Hökumətinin xüsusi qərarı ilə Bəndovan Dövlət Yasaqlığı yaradılmışdı. 8 ildən sonra Respublika hökumətinin 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17700 min hektar sahədə Şirvan Dövlət Təbiət Qoruğu yaradılmış, 1982-ci ildə qoruğun sahəsi genişləndirlərək 25761 hektara çatdırılmışdı. Hazırda qoruğun sahəsi 4657 hektardır. Şirvan Dövlət Təbiət Qoruğu Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində yerləşir.

Türyançay Dövlət Təbiət Qoruğu Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə landşaft kompleksini qorumaq məqsədilə Azərbaycan Hökumətinin 6 may 1958-ci il tarixli Qərarı ilə 12344 hektar ərazidə yaradılmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 yanvar tarixli Qərarı ilə ərazisi iki dəfə genişləndirilmiş və hazırda sahəsi 22488 hektardır. Qoruq Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində yerləşir.

Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Bəsitçay Dövlət Təbiət Qoruğu respublika qoruqlarının ən kiçiyi olub sahəsi 107 hektardır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılmışdır. Bundan sonra  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilmişdir.

Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respublikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dövlət qoruğu elan edilmişdir. Ərazisi 240 hektardır.

Zaqatala Dövlət Təbiət Qoruğu 1929-cu il 4 dekabr tarixində Zaqatala və Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında yaradılmışdır. Ərazisi 23844 hektardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 17 oktyabr tarixli 370s nömrəli Qərarı ilə Zaqatala və Balakən meşə mühafizəsi və bərpası müəssisələrinin torpaqları hesabına ərazisi genişləndirilərək sahəsi 47349 hektara çatdırılmışdır. 

Eldar Şamı Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Hələ 1910-cu ildə 3,5 min hektar sahədə Eldar şamı sahəsi botaniki yasaqlıq elan edilmiş və qorunmuşdur. Samux rayonu ərazisində dünyada yeganə təbii Eldar şamı meşəliyinin qorunması məqsədi ilə Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə «Eldar şamı» yasaqlığı yaradılmışdır. 1961-ci ildə 300 ha sahə Türyançay qoruğunun, 1967-ci ildə Göygöl qoruğunun filialına çevrildi və dövlət meşə torpaqları hesabına 1978-ci ildə 92 ha artırıldı. Hal-hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır.