Müraciətlər

Nəhmədova Aynurə İlqar

Nəhmədova Aynurə İlqar qızı 2021-ci il 27 avqust tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətarf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi vəzifəsinin tutulması üçün keçirilmiş müsabiqə üzrə müsahibədə iştirak etmiş və müsahibənin nəticəsinə əsasən 14 bal toplayaraq barəsində vəzifəyə uyğun olmaması barədə qərar qəbul edilmişdir. A.Nəhmədova nəticədən narazı qalaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına müsahibə nəticəsinə yenidən baxılması üçün müraciət etmişdir.

Şikayətçi Nəhmədova Aynurə İlqar qızına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasının iclasının keçiriləcəyi tarix, saat və yer barədə məlumat verilməsinə baxmayaraq, o üzrlü səbəbdən iclasda iştirak etməmişdir. A.Nəhmədova ilə təşkil edilmiş müsabiqə üzrə müsahibənin videogörüntüsü diqqətlə izlənilmiş və suallara onun tərəfindən verilmiş cavablar təhlil edilmişdir. Sual və cavabların təhlili nəticəsində müəyyən edilmişdir ki, A.Nəhmədova ilə keçirilmiş müsahibə zamanı o, kifayət qədər hazırlıqlı olmamış, suallara ətraflı cavab verə bilməmişdir.

Qeyd olunanları, Apellyasiya Şurasının üzvlərinin və iclasa dəvət olunan şəxslərin rəylərini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.4.3-cü bəndini rəhbər tutub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurası

                                                                        Qərara alır:
1. Nəhmədova Aynurə İlqar qızının şikayəti təmin edilməsin.
2. Apellyasiya Şurasının qərarı barədə Dövlət İmtahan Mərkəzi məlumatlandırılsın.
3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasının Katibliyi bu Qərarın, əslinin həqiqi surəti formasında aidiyyəti üzrə göndərilməsini təmin etsin.