Ceyranların reintroduksiyası

Nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər sırasında Azərbaycan xalqının böyük önəm verdiyi, dastan və şerlərdə vəsf edilən, mifik təfəkkürdə əks olunan ceyran növünün tarixən məskunlaşdıqları ərazilərə köçürülməsi xüsusi yer tutur.

2003-ci ildə yaradılmış Şirvan Milli Parkında mövcud olan 4000 baş ceyran qısa müddət ərzində artaraq 9000 başı keçmiş və bu əhəmiyyətli növün arealı təbii yolla xeyli genişlənmişdir.

Nadir ceyran növünün minimum antropogen təsir göstərmək şərtilə beynəlxalq təcrübəyə əsaslanaraq müxtəlif vasitələrlə (keyidici silah və tor) tutularaq vaxtilə mövcud olduqları tarixi areallarına buraxılması yolu ilə yeni ərazilərdə bərpasına nail olunması məqsədilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə start verilmişdir.

2010-cu ildən etibarən başlanılmış layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA İctimai Birliyi və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilməkdədir. 

Keçən müddət ərzində layihənin vacib komponentlərini təşkil edən əsas fəaliyyət istiqamətləri müəyyən olunaraq ardıcıllıqla yerinə yetirilmiş, Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur –Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirilmiş, 130 başdan yuxarı ceyran tarixi ərazilərinə qaytarılmışdır.

2010-cu il 24 dekabr tarixində “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ceyranların tarixən məskunlaşmış yerlərindən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün buraxılması prosesində iştirak edərək, üzərində peyk vasitəsilə siqnalötürücü xaltası olan ceyranları Qobustan-Cəngiçay ərazisinə buraxmışlar.

Layihənin icrası üçün tələb olunan avadanlıqlar-ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınmışdır və layihənin bilavasitə icra prosesində ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək zəruri göstərişlərini vermişlər. Bu avadanlıqlar vasitəsilə ceyranların həyat təhlükəsizliyi təmin olunmaqla yanaşı hərəkətlərinin nəzarəti də həyata keçirilir.

Həmçinin yerli icma nümayəndələri, xüsusən fermerlərdən ceyranların həyat və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə iltizamnamələr alınmışdır.

Layihənin gedişatı boyu əhali arasında davamlı maarifləndirmə tədbirləri aparılmış, Cənubi Qafqaz üçün Transsərhəd Birgə Katibliyin (TJS) maliyyə dəstəyi ilə 7000 buklet paylanılmış və 100-dək müvafiq maarifləndirici və qadağanedici lövhələr, yol işarələri hazırlanaraq reintroduksiya ərazilərində yerləşdirilmişdir.

Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində hazırki dövrədək Şirvan Milli Parkından tutulmuş ümumilikdə 265 baş ceyranın respublikanın müxtəlif ərazilərinə köçürülməsi həyata keçirilmişdir.

2013-cü ilin oktyabr ayında ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası üzrə işlərə start verilərək ilk 10 baş ceyran Gürcüstan Respublikasına göndərilmişdir.

Bu tədbirlər nəticəsində regionda davamlı ceyran populyasiyasının formalaşmasına nail olunur ki, bu da ekoloji davamlı inkişaf amillərinə cavab verməklə, həmçinin, ekoloji turizmin inkişafına müsbət təsirini göstərir.