Azərbaycanda qeyri-qanuni nohurçuluq təsərrüfatlarının qeydiyyata alınması üçün sənədlər hazırlanır
11 Oktyabr 2019, 16:00
Bu gün ölkədə balıqçılığın tənzimlənməsi, balıq ovu qaydalarına riayət edilməsi,balıqçılığın sivil yollarla aparılmasının təmin olunması ən aktual, prioritet və günümüzün ən vacib məsələlərindən biridir. Bu sahədə aidiyyəti dövlət qurumları tərəfindən silsilə tədbirlər həyata keçirilir. Bunu su hövzələrində balıq ehtiyatlarının artırılması perspektivləri, balıq ehtiyatlarının qorunması və mühafizəsinin gücləndirilməsi məqsədi ilə ictimai dəstəyin formalaşdırılması mövzusunda həvəskar balıqçıların da iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən dəyirmi masada ETSN-nin Departament direktoru Hikmət Əlizadə bildirib.
“Əgər biz qısa tarixi təhlil etsək görərik ki, son bir-iki il ərzində ilk növbədə akvakulturanın, nohur balıqçılığının inkişafı sahəsində çox böyük addımlar atılıb. Uzun illər qeyri-qanuni fəaliyyət göstərən nohurçuluq təsərrüfatlarının inventarizasiyası, icazəsiz, xüsusən torpaq kateqoriyası uyğun olmayan ərazilərdə fəaliyyət göstərən, müəyyən özbaşınalıqlarla üzləşən təsərrüfatların qeydiyyata alınması üçün sənədlər hazırlanır. Hazırda ölkədə olan 894 təsərrüfatın 550-nin qeydiyyata alınması ilə bağlı işlər davam edir və yaxın zamanlarda onların aidiyyəti qurumlarla birlikdə kateqoriyasının dəyişdirilməsi və bu təsərrüfatların qanuni fəaliyyət göstərməsi təmin ediləcək. Adi bu fakt o deməkdir ki, bu təsərrüfatda işləyən insanlar təminat alacaq, minlərlə insanın qanuni və uzun müddətli işlə təmin olunması həyata keçiriləcək və bununla da qida təhlükəsizliyi məsələsi təmin olunacaq”.