Respublikanın çaylarında mövcud vəziyyət
19 Aprel 2019, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan intensiv yağış nəticəsində əksər çaylarda sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 90, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın olmaqla 60-100 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Aprelin 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 480 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 65 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 440 m3/s olmaqla, ongünlük normadan az olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 54 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 196 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 117 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 187 m3/s təşkil etməklə ongünlük normadan cox olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 45 sm artaraq 427 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 19-da isə 388 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 10 sm artaraq 139 sm qeydə alınıb. 2018-ci il aprelin 19-da isə bu rəqəm 239 sm təşkil edib. Salyanda suyun səviyyəsi 24 sm artıb və 173 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 180 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 21 sm artaraq 188 sm olub və bu göstərici 2018-ci il aprelin 19-da 175 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm artaraq 125 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il aprelin 19-da isə 95 sm təşkil edib.