Xəbərlər

23 mart Ümümdünya meteorologiya günüdür

23 Mart 2019, 00:00

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən hər il martın 23-ü Ümumdünya meteorologiya günü kimi qeyd olunur. ÜMT-nin icraiyyə şurasının 70-ci sessiyasında razılaşdırıldığı kimi, bu ilki meteorologiya günü “Günəş, Yer və hava” mövzusu adı altında keçirilir.
Günəşin verdiyi enerji Yerdə bütün həyatın mənbəyi rolunu oynayır. O, havanın, okean axınlarının və hidroloji dövranların hərəkətverici qüvvəsi sayılır.
Günəş bizim əhvalımızı formalaşdırır və gündəlik fəaliyyətimizə təsir edir. O, insanlar üçün ruhlandırma mənbəyidir.
Yerdən təqribən 150 milyon kilometr məsafədə yerləşən, canlı varlıqların əlverişli inkişafı üçün bizim planetimizdə isti şəraiti saxlayan bu ulduz günəş sisteminin ürəyi hesab edilir.
Artıq 4,5 milyard ildən çoxdur ki, ərimiş plazmadan ibarət olan bu odlu kürə Yerdə havanın, iqlimin və həyatın hərəkətverici qüvvəsi rolunu oynayır. Son 30 ildə həyata keçirilən peyk ölçmələrinin məlumatları ayrılan günəş enerjisinin həcminin artmadığını göstərir. Yəni son zamanlar yerdə müşahidə edilən istiləşmə Günəşin aktivliyinin dəyişilməsi ilə izah edilə bilməz.
Okeanlarda suyun istiləşməsi və buzlaqların əriməsinə səbəb olan temperaturun qalxması, atmosferdə uzunömürlü istixana qazlarının olması ilə əsaslandırılır. Karbon qazının konsentrasiyasının artması və çoxömürlü istixana qazlarının təsiri nəticəsində iqlimin istiləşmə effektini yaradan summar radiasiya təsirləri 1990-cı ildən 41 % artıb. Əgər istixana qazlarının konsentrasiyasının hazırki tendensiyası saxlanılarsa, yüzilliyin sonunadək biz temperatur diapozonunun 3 dərəcə C-dən 5 dərəcə C- dək artacağı ilə üzləşə bilərik.
Bu, BMT-nin İqlim dəyişmələri üzrə çərçivə konvensiyasının Paris sazişində əksini tapmış qlobal orta temperaturun artmasının 2 dərəcə C-dək və mümkünsə 1,5 dərəcə C-yə yaxın saxlanılması ilə bağlı məqsədli göstəricilərdən xeyli yuxarıdır.
Günəş, buludlu hava şəraitində də istifadə edilməsi mümkün olan alternativ enerji mənbəyini verməyə qadirdir. Günəş enerjisi həqiqətən də bütün dünyada istifadə olunur və elektroenerjinin generasiyası və ya suyun qızdırılması və şirinləşdirilməsi üçün daha populyar mənbəyə çevrilir.
Dünyada ən günəşli Yer Ölü dənizi ərazisi hesab edilir ki, burada il ərzində 330 günəşli gün qeydə alınır. Şımal Torpaq arxipelaqında isə günəş il ərzində orta hesabla cəmi 12 gün görünə bilər. Ölkəmizdə coğrafi mövqeyi və iqliminə görə günəş enerjisindən daha geniş istifadəsi üçün əlverişli şərait var.
Davamlı cəmiyyətin formalaşmasında Günəşin hansı tərzdə hava və iqlim hadisələrinə təsirinin anlaşılması ÜMT-nın əsas missiyası üçün çox önəmlidir.