Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (fevral ayının I ongünlüyü üçün)

11 Fevral 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Fevral ayının I ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayınının III ongünlüyünə nisbətən 19 m3/san azalaraq 130 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində 4, Ağstafaçay su anbarında və Ağstafaçayda 5 dəfə YVQH-ni keçib.
Fevral ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 4, I Şahsevəndə 2, Bəhramtəpədə isə 3 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.92-6.18 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.