Xəbərlər

Korrupsiyaya qarşı ciddi mübarizə tədbirləri davam etdirilir

06 Fevral 2014, 00:00

Dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizənin aparılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarından irəli gələn növbəti tapşırıqların yerinə yetirilməsi məqsədilə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara səbəb olan şəraitin aradan qaldırılması üçün 2013-cü ildə ardıcıl tədbirlər həyata keçirilmiş, bu proses 2014-cü ilin ilk aylarında da davam etdirilmişdir.
Belə ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində iş fəaliyyətinin qeyri-qənaətbəxş təşkilinə, işçilərin fəaliyyətinə nəzarətin lazımi səviyyədə həyata keçirilmədiyinə, xidməti ərazidə ekoloji qanunvericiliyin tələblərinin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülmədiyinə, daxil olan məlumat, ərizə və şikayətlərin araşdırılmasında, inzibati xəta haqqında qərarların qəbul edilməsi zamanı ciddi nöqsan və qanunsuzluqlara yol verildiyinə görə Departamentin direktoru və 14 əməkdaşı tutduqları vəzifədən azad edilmiş, 7 nəfərə töhmət verilmiş, 1 nəfər isə aşağı vəzifəyə keçirilmişdir.
Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən aparılan araşdırmalar zamanı bir sıra ərazi ekologiya və təbii sərvətlər şöbələrinin fəaliyyətlərində də nöqsanlara və qanun pozuntularına yol verildiyi aşkar olunmuş, araşdırmaların nəticələrindən asılı olaraq Nazirliyin müvafiq əmrləri ilə 9 əməkdaş, o cümlədən fəaliyyətlərində yol verdikləri ciddi pozuntulara görə 5 məsul şəxs - 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin rəisləri, 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəis müavini və ətraf mühitin mühafizəsinə nəzarət sektorunun müdiri tutduqları vəzifədən azad edilmişlər. 1, 2, 3, 4, 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin ümumilikdə 38 əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülmüşdür.
Meşələrin İnkişafı Departamentinin tabeliyində olan müəssisələrdə aparılan yoxlamalar zamanı 9646 m3 həcmində 66285 manat məbləğində aktlaşdırılmamış özbaşına (qanunsuz) qırıntı faktı aşkar edilərək hüquqi qaydada sənədləşdirilmişdir. Yoxlamaların nəticələrinə uyğun olaraq Goranboy, Zaqatala, Cəlilabad və Şamaxı meşə mühafizəsi və bərpası müəssisələrinin direktorları, habelə Qusar və Cəlilabad MMBM-lərin baş meşəbəyləri tutduqları vəzifədən azad edilmiş, ümumilikdə, Nazirlik və Departamentin nomenklaturasına aid olan 166 nəfər cavabdeh vəzifəli şəxs barəsində intizam tənbeh tədbirləri görülmüş, onlardan 66 nəfəri işdən çıxarılmış, 56 nəfərə töhmət, 44 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məsələyə hüquqi qiymət verilməsi məqsədilə təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi və meşə fonduna dəymiş ziyanın ödətdirilməsi üçün 111361 manat ziyan məbləğində 100 iş aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 7 meşə dolayında aparılmış araşdırmalar zamanı, mühafizə xidmətinin zəif fəaliyyəti nəticəsində, ümumilikdə 435.15 m3 həcmində, 2387.18 manat köküstə nırx dəyərində 328 ədəd aktlaşdırılmamış özbaşına (qanunsuz) qırıntı aşkar olunmuş, buna görə hesablanmış ziyan təqsirkarların hesabına ödətdirilmiş, müəssisə direktoru və 11 meşə mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri görülmüş, 6 meşə gözətçisi tutduğu vəzifədən azad olunmuşlar. Bununla əlaqədar materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş və faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi qaldırılmışdır.
Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də meşələrin mühafizə olunması vəziyyəti araşdırılan zaman ciddi faktlar üzə çıxarılmışdır. 56 meşə dolayında mühafizə xidmətinin zəif fəaliyyəti nəticəsində 2708,12 м3 həcmində 17572,46 manat köküstə nırx dəyərində 1316 ədəd müxtəlif cins və diametrli yaş köküstə ağacın özbaşına qanunsuz kəsilərək meşə sahəsindən aparıldığı aşkar olunmuş, dəymiş ziyandan 16172,46 manatın təqsirkarlar tərəfindən ödənilməsi təmin edilmiş, müəssisənin direktoru və əraziyə cavabdeh 8 meşə gözətçisi tutduqları vəzifədən çıxarılmış, 13 meşə mühafizə işçisi barəsində digər intizam tənbeh tədbirləri görülmüşdür.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən də tabeli qurumların ərazilərində yoxlamalar aparılmış, aşkar edilmiş qanun pozuntularına görə 72 nəfər mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri görülmüşdür. O cümlədən milli park və dövlət təbiət qoruqlarında əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə 2 sahə müfəttişinin və 9 mühafizə yegerinin əmək müqavilələri ləğv edilmiş, 6 sahə müfəttişinə və 24 mühafizə yegerinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 7 sahə müfəttişinə, 17 mühafizə yegerinə isə töhmət verilmişdir.
Şahdağ Milli Parkının Quba bölməsinin Rostov, Quba, habelə Vəndam və Bum meşəbəyliklərində qanunsuz şəkildə ağacların kəsilməsi, Qızılağac Dövlət Təbiət Qoruğunun vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, Ağgöl Milli Parkında yol verilmiş maliyyə pozuntuları, “Salyan OİL” şirkətinin Şirvan Milli Parkının ərazisində qanunsuz fəaliyyəti ilə əlaqədar, həmçinin Astara rayon sakininin Hirkan Milli Parkında yol verdiyi qanunsuzluqlarla bağlı toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna, eləcə də Şahdağ Milli Parkının ərazisində qanunsuz ov edən şəxs barəsində və Lənkəran rayon sakininin Hirkan Milli Parkında yol verdiyi qanunsuzluqlarla əlaqədar toplanmış müvafiq sənədlər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir.
İşdə yol verdikləri nöqsan və vəzifə pozuntularına görə Hirkan Milli Parkının direktoru, Zaqatala Dövlət Təbiət Qoruğunun direktoru və mühafizə üzrə direktor müavini, Ağgöl Milli Parkının baş mühasibi tutduqları vəzifədən azad edilmiş, bir sıra məsul milli park və qoruq əməkdaşı barəsində ciddi intizam tənbeh tədbirləri tətbiq edilmişdir.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tabeli qurumlarında da bir sıra yoxlamalar həyata keçirilmiş və ASC-nin 6 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisində ciddi faktlar aşkar edilmişdir. Aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, idarənin direktoru çöl-sahə işlərini düzgün təşkil etməmiş, yaşıllıqların salınması işinə səhlənkar yanaşaraq ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilməsini təmin etməmiş və digər vəzifə pozuntularına yol verərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə ərazidə əkilmiş 78 000 ağacdan 55538 ədədinin qurumasına şərait yaratmışdır. Bu əməllərinə görə ASC-yə 91 000 manat məbləğində ziyan vurulmuşdur. Buna görə idarənin direktoru tutduğu vəzifədən azad edilmiş və tərtib olunmuş sənədlərdə cinayət tərkibinin əlamətləri olduğundan toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanmış və istintaq zamanı idarə rəhbərinin səhlənkarlıq cinayəti ilə yanaşı külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı faktları da aşkar edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzində aparılmış təhlil və araşdırmalar göstərmişdir ki, Mərkəz fəaliyyətini Əsasnaməsinə və digər hüquqi aktlara, o cümlədən Nazirliyin əmrlərinə uyğun yerinə yetirməmiş, görülən işlər qanun pozuntuları ilə müşayiət olunmuşdur. Bir sıra hallarda Mərkəzin əməkdaşları səlahiyyət həddini aşaraq sahibkarlıq subyektləri olan müəssisələrə qanunsuz müdaxilələr etməkdən belə çəkinməmişlər. Halbuki, Mərkəzin fəliyyət istiqaməti ekoloji norma, standart və qaydaların, müvafiq metodikaların müasir tələblərə uyğun daim təkmilləşdirilməsi və yenilərinin işlənib hazırlanmasından ibarətdir. Qeyri-qanuni olaraq ayrı-ayrı müəssisələrə daxil olduğuna və sahibkarlıq subyektlərinin rəhbərləri qarşısında əsassız tələblər irəli sürdüyünə görə Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzinin məsul əməkdaşı tutduğu vəzifədən azad edilmişdir.
Korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara səbəb olan şəraitin aradan qaldırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyində həyata keçirilən tədbirlər 2014-cü ilin ilk aylarında da davam etdirilmişdir.
2014-cü ilin yanvar ayında Şirvan Milli Parkının 3 saylı sahəsində 3 nəfər şəxsin qanunsuz ov etmələri faktı aşkar edilmiş, onlardan 3 ədəd ov tüfəngi, 3 ədəd patrondaş, müxtəlif çaplı 120 ədəd dolu patron, 1 baş ovlanmış yaşılbaş ördək və adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na salınmış 2 baş ovlanmış turac, 1 ədəd rezin qayıq və digər predmetlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 404-cü maddəsinə əsasən maddi sübut kimi götürülmüşdür. Faktla bağlı təqsirkar şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsi ilə təqsirkarlara, ümumilikdə 4000 manat məbləğində cərimə tətbiq olunmuş və qanunsuz ov nəticəsində təbiətə dəymiş ziyan hesablanaraq 1985,50 manat məbləğində iddia qaldırılmışdır.
Şirvan Milli Parkında araşdırmalar davam etdirilmiş və bir gün sonra Parkın yenə 3 saylı sahəsində ayrı-ayrı şəxslərə məxsus 3 yerdə mal-qara yatağının olması faktı və bu yataqlarda mal-qara saxlanılan çoxlu sayda tövlə, yaşayış yerləri və yardımçı tikililər aşkarlanmış, həmin yataqlarda ümumilikdə 902 baş xırdabuynuzlu və 98 baş iribuynuzlu mal-qaranın saxlanılması nəticəsində 2,7 hektar torpaq sahəsinin bitki örtüyünün tamamilə məhv olduğu müəyyən edilmişdir. Milli parkın ərazisində yataqların qanunsuz fəaliyyəti nəticəsində təbiətə 51330,60 manat məbləğində ziyan dəymişdir.
Həmin əraziyə növbəti baxış zamanı parkın 3 saylı sahəsində daha 855 baş xırdabuynuzlu mal-qaranın özlərini təqdim etməyən şəxslər tərəfindən otarılması, 208 baş iribuynuzlu mal-qaranın və 28 baş atın sahibsiz halda otlaması faktları aşkarlanmışdır. Aparılmış araşdırma zamanı mal-qaranın sahibləri müəyyənləşdirilmiş, bu şəxslər barəsində akt və inzibati xəta haqqında protokol tərtib edilmişdir. İribuynuzlu mal-qaranın Milli Parka vurduğu ziyan 331,76 manat, atların otlaması nəticəsində Milli Parka dəymiş ziyan 44,66 manat məbləğində hesablanmış və bu məbləğ həmin gün növbədə olan mühafizə yegerlərinin üzərinə yazılmışdır. Bununla da, ümumilikdə təbiətə 54303,84 manat məbləğində ziyan dəyməsi faktı üzə çıxarılmışdır.
Ərazidə yuxarıda göstərilən qanunsuzluqlara yol verdiklərinə görə Şirvan Milli Parkının direktoru və parkın mühafizə yegeri tutduqları vəzifədən azad edilmiş və mühafizəyə cavabdeh digər əməkdaşların məsuliyyətinin müəyyənləşdirilməsi məqsədilə qanunamüvafiq tədbirlər davam etdirilir.