Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 Oktyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağış nəticəsində Respublika çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 100-170, Lənkəran-Astara çaylarında 25-35, Naxçıvan MR Naxçıvançay çayında 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Oktyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 133 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 78 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Oktyabrın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 24, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 10 sm artım  qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 8 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2017-ci il oktyabrın 29-da 384 sm), Şirvanda 203 sm (2017-ci il oktyabrın 29-da 261 sm), Salyanda 171 sm (2017-ci il oktyabrın 29-da 207 sm), Bankədə 173 sm (2017-ci il oktyabrın 29-da 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 sm (2017-ci il oktyabrın 29-da 88 sm) təşkil edir.