Balıqçılığın idarə edilməsi sahəsində regional komissiyanın iclası keçirilib
24 Oktyabr 2018, 00:00
15-18 oktyabr 2018-ci il tarixlərində Türkiyənin İzmir şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) növbəti 6-cı sessiyası keçirilib. Sessiyada FAO-nun nümayəndələri, beynəlxalq məsləhətçilər, CACFish-in üzvləri qismində Türkiyə, Azərbaycan, Qırğızıstan, Tacikistan və Ermənistan, Komissiyanın müşahidəçiləri qismində isə on ölkə iştirak edib.
Sessiyada 2019-2020-ci illər üçün Komissiyaya Azərbaycanın sədrliyi yekdilliklə qəbul olunub.
Komissiyanın sədri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev tərəfindən sessiyada FAO-nun mütəxəssisləri ilə birgə Azərbaycanda aparılmış balıqçılıq və akvakultura üzrə qanunvericiliyin təkmilləşdirilməsi, balıqçılıq sahəsində doqquz hökumət qərarlarının hazırlanması və balıqçılığın idarə edilməsi sahəsində görülən işlər qeyd edilib.
Sessiyada 2018-2019-cu illərdə keçirilməsi nəzərdə tutulan regional tədbirlərin siyahısına Azərbaycanda FAO-nun və milli ekspertlərin iştirakı ilə “Akvakultura məqsədləri üçün su obyektləri və torpaqların istifadəsində hüquqi mexanizmlər” mövzusunda pilot tədqiqatların və regional seminarın keçirilməsi əlavə edilərək təsdiq olunub.
Xatırladaq ki, 2017-2018-ci illərdə də Komissiyaya Azərbaycan sədrlik edib.