Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (oktyabr ayının II ongünlüyü)
22 Oktyabr 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayında növbəti monitorinq həyata keçirib.
Oktyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının I ongünlüyünə nisbətən 27,0 m3/san azalaraq 119,0 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə olunub.
Oktyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,1, Ağstafaçayda-Qazax şəhərində 1,6, Ağstafa su anbarı Musaköy kəndində 1,1, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,8-2,4, biogen maddələrdən nitritlərin miqdarının isə 1,35-1,6 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,70-6,30 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.