Xəbərlər

Şikayət yerində araşdırılıb

20 Sentyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, “Qocalar evi” küçəsindəki həyətlərdə mal-qara saxlanılması  nəticəsində ətrafa qoxunun yayılması ilə bağlı şikayət daxil olub. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib.

Baxış zamanı qəsəbə sakinləri Yəmən Salahova və  Əzim Əsədliyə məxsus evlərin həyətindəki tövlədə iribuynuzlu mal-qara saxlanıldığı məlum olub.

Faktla bağlı akt tərtib edilib və qoxunun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Gəncə şəhərinin Nizami rayonunun ərazisində mal-qaranın saxlanılması şəraitinin sanitar-epidemioloji və ekoloji tələblərə cavab verməsi vəziyyətinin araşdırılması məqsədilə Gəncə şəhər Baytarlıq idarəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət  komissiyanın yaradılması üçün Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.