Xəbərlər

Şikayət araşdırılıb

16 Oktyabr 2017, 00:00

Bakı şəhər sakini Telman Babayev Goradil bağ massivində, yaşadığı  evin ətrafından qumun daşınması və nəticədə evinin sürüşmə təhlükəsində olması ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinə  şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq yerində araşdırma aparılıb. Araşdırmada iştirak etməsi üçün şikayətçi ilə əlaqə saxlanılsa da, o, vaxtının olmaması səbəbindən iştirakdan imtina edib.

Sözügedən əraziyə keçirilən baxış zamanı Goradil bağ massivi, ev 382 ünvanında fərdi yaşayış evinin tikintisi məqsədilə bünövrə qazıldığı məlum olub. Şikayətçinin evi ilə qazıntı aparılan sahə arasındakı məsafənin 40 metr təşkil etdiyi və şikayətçinin evi üçün heç bir təhlükənin olmadığı müəyyən olunub. Ərazidə qanunsuz qazıntı və qum daşınması hallarına rast gəlinməyib.