Xəbərlər

Şikayət yerində araşdırılıb

21 İyul 2017, 00:00

Lənkəran rayonu, Şirinsu kənd sakinləri yaşadıqları evin yaxınlığında sahibkar A.Bağırova məxsus fermanın həyətində quraşdırılacaq və sakinlərin sağlamlığına zərərli təsir göstərəcək antennanın başqa yerə köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib.

Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq şikayətçilərin və sahibkarın iştirakı ilə yerində araşdırma aparılıb.

Əraziyə keçirilən baxış zamanı antennanın quraşdırılma mərhələsində olduğu aşkar edilib. Araşdırma zamanı A.Bağırova məxsus fermer təsərrüfatının 0.01 hektar hissəsinin vətəndaş F.Novruzova on il müddətinə icarəyə verildiyi, həmin ərazidə antennanın quraşdırılması üçün F.Novruzovun “Azerconnect” MMC ilə müqavilə bağladığı, lakin mobil rabitə baza stansiyalarının və ötürücü antenaların quraşdırılmasına müvafiq ekspertiza rəyinin bildirilməsi üçün aidiyyəti sənədlərin Dövlət Ekspertiza İdarəsinə təqdim edilmədiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və “Azerconnect” MMC-yə məktub göndərilib.