Meşələrin yanğından mühafizə olunması ilə əlaqədar seminar-müşavirə keçirilib
28 İyul 2017, 00:00
27 iyul 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhəri İcra hakimiyyətində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidmətinin və Şəki Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon yerli icra hakimiyyətləri orqanlarının və meşə əraziləri ilə həmsərhəd olan bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin nümayəndələri iştirak edib.
Müşavirədə meşələrin ümumi vəziyyəti, yanğınların baş vermə səbəbləri, meşə yanğınlarından yaranan itkilər, habelə meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə məruzələr edilib, elektron təqdimatlar nümayiş olunub, aidiyyəti qurumların, meşə əraziləri ilə həmsərhəd olan kəndlərin ərazi icra nümayəndələri və bələdiyyə əməkdaşları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.