Şikayət araşdırılıb
14 İyul 2017, 00:00
8 saylı Mingəçevir ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Elmidar Qurbanovun şikayəti əsasında 2015-ci ilin may ayında aparılan araşdırma zamanı Kəlbəcər rayonundan məcburi köçkün, hazırda Mingəçevir şəhərində yaşayan Əyyub Məmmədovun sahibsiz buraxdığı atları tərəfindən 9 ədəd sərv ağacının zədələnməsi və məhv edilməsi faktı aşkar edilmişdi. Faktla bağlı Əyyub Məmmədov barəsində akt və protokol tərtib edilmiş, inzibati xəta törətdiyinə görə təqsirkar şəxs 2200 manat məbləğində cərimə olunmuşdu. Lakin tətbiq edilmiş cərimənin ödənilməsi Ə.Məmmədov tərəfindən təmin edilmədiyi üçün toplanılmış sənədlər Mingəçevir şəhər İcra Şöbəsinə göndərilmiş və borclunun təqaüdündən tutulması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosia Müdafiə Fondunun Kəlbəcər rayon Şöbəsinə göndərilmişdi. Hazırda cərimənin ödənilməsi Ə.Məmmədovun əmək pensiyasından tutulma yolu ilə həyata keçirilir.
Lakin həmin şəxsin həyat yoldaşı Züleyxa Məmmədova yazılmış cəriməyə etirazını bildirərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına bununla bağlı şikayət məktubu göndərib.
Şikayət əsasında yenidən aparılan araşdırma zamanı inzibati araşdırmanın qanunvericiliyə uyğun aparıldığı, inzibati xəta törədən şəxsin düzgün müəyyənləşdirildiyi, cərimə qərarının prosedur qaydalara uyğun qəbul edildiyi müəyyən olunub.