Xəbərlər

Şikayət araşdırılıb

05 İyul 2017, 00:00

   Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Oğuz rayonunun Xalxal kəndi ərazisindəki guya meşə sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Əraziyə keçirilən baxış zamanı məlum olub ki, həmin ərazi meşə fondu torpağı deyil, bələdiyyə ərazisidir.

   Belə ki, hələ 2017-ci ilin aprel ayında Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə aparılan araşdırma zamanı Oğuz rayonu Xalxal bələdiyyəsinin mülkiyyətindəki çoxillik ağaclar olan 8,1 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmədən qanunvericiliyə zidd olaraq fərdi evlərin tikintisi üçün ayrı-ayrı şəxslərə satıldığı və ərazidə yaşköküstə 24-72 sm diametrliyin 84 ağacın kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib olunub, ağacların kəsilməsinə görə 64200 manat məbləğində ziyan hesablanıb.

   Məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barəsində ciddi tədbirlərin görülməsi məqsdədilə toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.