Xəbərlər

Ekzogen-geoloji proseslərin dinamikası üzərində monitorinq və müşahidələr davam etdirilir

10 İyul 2017, 00:00

  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən 2017-ci ilin iyun ayında Bakı və Abşeron yarımadasında, həmçinin ölkənin rayonlarında ekzogen geoloji proseslərin dinamikasında müşahidələr davam etdirilib, mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilib. 

  Aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda  stabillik qeydə alıınsa da, Zığ-1, Masazır, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.
  Belə ki, Suraxanı rayonu, Əhmədli qəsəbəsi Zığ-1 sürüşmə zonasında lokal sahədə sürüşmə proseslərinin dinamikasında nisbi aktivləşmə olsa da, uçqun və dağıntı qeydə alınmayıb. Günəşli yaylası-oturma sahəsində torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar qeydə alınıb.
Abşeron rayonu Masazır sürüşmə sahəsində uçqun prosesinin dinamikasında, Masazır qəsəbəsi Zəli gölü adlanan ərazidə isə sürüşmə və uçqun proseslərinin dinamikasında nisbi aktivlik qeydə alınıb.
Sabunçu rayonu Maştağa-Zabrat subasma sahəsində, Daş Karxanası yaşayış massivində və Qala qəsəbəsində subasma proseslərinin dinamikasında nisbi aktivlik qeydə alınıb.
   Astara rayonunun Kijəbə, Miki sürüşmə sahələrində, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu kilometrliyində, Lənkəran-Lerik yolunun 27-29-cu və 45-47-ci, 17-19-cu kilomertliyində, Lənkəran rayonunun Horavenç, Gəgiran sürüşmə sahələrində, Masallı rayonunun Güllütəpə, Zuvand sürüşmə sahələrində, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində, Çinar sürüşmə sahəsində, Gədəbəy rayonu Şahdağ, Pirdağ, Arıqıran sürüşmə sahəsində, Daşkəsən rayonu Alunitdağ sürüşmə sahəsində, Ağsu rayonu Sanqalan sürüşmə sahəsində, İsmayıllı rayonu İstisu, Sədiyan, Xankəndi sürüşmə sahələrində, Muğanlı- İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunub. Monitorinq və müşahidələr davam etdirilir.
  Qeyd edək ki, monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir.