Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
10 İyul 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 185 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 42 m3/s olmaqla, ongünlük normanın 29 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 164 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 10, Bankədə 8 sm azalma qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2016-cı il iyulun 10-da 326 sm), Şirvanda 165 sm, Salyanda 90 sm (2016-cı il iyulun 10-da 93 sm), Bankədə 175 sm (2016-cı il iyulun 10-da 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2016-cı il iyulun 10-da 39 sm) təşkil edir.