Şikayət araşdırılıb
07 İyul 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Lüvəsər kəndi ərazisində qum-çınqıl karxanalarının qanunsuz fəaliyyət göstərməsi, ağacların susuzluqdan quruması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidə fəaliyyət göstərən karxanalarda ekoloji qanun pozuntusu və qanunsuz qazıntı işlərinin aparılması, eləcə də Lüvəsər kəndi ərazisində ağacların quruması faktlarına rast gəlinməyib. Araşdırma zamanı Lənkərançayda dövlət qeydiyyatına alınmış qum-çınqıl yatağında Lənkəran rayon icra hakimiyyətinin müvafiq sərəncamları ilə qum-çınqıl istehsalı sahələri yaratmaq məqsədilə 2005-ci ildən etibarən torpaq sahələrinin ayrıldığı və aidiyyəti dövlət orqanlarının razılıq sənədləri əsasında karxanaların tələbatdan asılı olaraq fasilələrlə fəaliyyət göstərdiyi müəyyən edilib. Araşdırma zamanı o da məlum olub ki, Lüvəsər kəndində hazırda suvarma suyu ilə bağlı problem yoxdur.
Qeyd edək ki, Lüvəsər kəndi ərazisində Lənkərançayın sahil mühafizə zolağında qanunsuz qazıntının aparılması faktları ilə bağlı ötən il Nazirliyin əməkdaşları tərəfindən Kərgəlan bələdiyyəsi və ayrı-ayrı şəxslər barəsində protokollar tərtib edilib və ümumilkdə 8890 manat cərimə və ziyan tətbiq olunub.