05 iyun “Ümumdünya ətraf mühit günü” çərçivəsində dəyirmi masa keçirilib
01 İyun 2017, 00:00
01 iyun 2017-ci il tarixində ETSN-nin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədilə “Həsən Əliyev və Azərbaycanda ətraf mühitin dayanıqlı inkişafı” mövzusunda dəyirmi masa keçirilib.
Ali məktəb tələbələrinin iştirak etdiyi görüşdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb, eyni zamanda ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, ölkəmizdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, o cümlədən mövcud qlobal ekoloji problemlər və s. mövzularda tədbir iştirakçılarına informasiya verilib.
Tədbir görkəmli akademik Həsən Əliyevin 110 illik yubileyi ərəfəsinə təsadüf etdiyindən dəyirmi masada bütün həyatını Azərbaycan təbiətinin tədqiqinə, tərənnümünə və mühafizəsinə həsr etmiş, bu misilsiz sərvətin yeni nəsillər üçün qorunub saxlanılmasının tərənnümçüsü olmuş dünya şöhrətli alimin ekologiya elminə əvəzsiz xidmətlərindən də danışılıb.
Həmçinin, müzakirələrdə ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyi bildirilərək dövlət orqanları ilə yanaşı ictimaiyyətin bu sahədə aktiv iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti də diqqətə çatdırılıb.
Qeyd edək ki, 05 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il ənənəvi olaraq ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir.