Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

30 May 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Mayın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 380 m3/s olmaqla ongünlük normanın 55 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 485 m3/s olmaqla ongünlük normanın 70  faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 156 m3/s təşkil edərək ongünlük normanın 78 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Mayın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 10, Salyanda 7, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 365 sm (2016-cı il mayın 30-da 337 sm), Şirvanda 243 sm, Salyanda 170 sm (2016-cı il mayın 30-da 120 sm), Bankədə 177 sm (2016-cı il mayın 30-da 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 sm (2016-cı il mayın 30-da 48 sm) təşkil edir.