23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramının qeyd olunmasına Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Ulu öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.
Peşə bayramı ilə əlaqədar tədbirlər Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 22-ci kilometrliyinin ətrafında ETSN tərəfindən salınmış yaşıllıq zonasında davam etdirilib.
Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov peşə bayramı münasibəti ilə nazirliyin kollektivini təbrik edib və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirib, görülən işlər, həyata keçirilən tədbirlər, qarşıdakı vəzifələr və perspektiv planlar barədə qısa məlumat verib. Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə nazirliyin fərqlənən əməkdaşlarını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edib. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.
Tədbirin davamı olaraq 30 hektar ərazidə iməcilik keçirilib. İməcilikdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov, nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak edib. Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, sahə alaq otlarından təmizlənib.
Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.