Xəbərlər

Zəlilərin təbiətə buraxılması qərara alınıb

15 Mart 2017, 00:00

Zəlilərin (“Hirudo Medicinolis”) qanunsuz yollarla ölkədən çıxarılmasının artıq ikinci dəfə qarşısının alınması və külli miqdarda zəlinin müsadirə edilməsi ilə bağlı yayılan məlumatlar ETSN-nin müvafiq qurumları tərəfindən yanvar ayından etibarən nəzarətdə saxlanılır.

Qeyd edək ki, birinci dəfə 17 yanvar 2017-ci il tarixində Astara Gömrük İdarəsi tərəfindən qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması nəzərdə tutulan 29 min ədədədək zəli müsadirə olunub və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmədən müvəqqəti saxlanılması üçün AMEA-nın Zoologiya İnstitutuna təhvil verilib.

Halbuki 14 iyul 2000-ci il tarixli Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131.2-ci bəndində göstərilir ki, “Bu Məcəllənin 131.1-ci maddəsində nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir.” Eyni zamanda, 4 iyun 1999-cu il tarixli “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə görə də “Müvafiq icra hakimiyyəti orqanlarının (ETSN-nin) razılığı və icazəsi olmadan heyvanları özbaşına köçürmək, iqlimə uyğunlaşdırmaq və artırmaq qadağan edilir”.

Lakin müsadirə edilən zəlilərin hətta müvəqqəti saxlanca verilməsi məqsədilə belə, qanunla vəhşi təbiət üzərində sərəncamverici orqan olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunması təmin edilməyib.

Müsadirə olunmuş zəlilərin ETSN-yə təhvil verilməsi üçün guya Nazirliyə müraciət olunması barədə yayılmış xəbərlərin isə əsası yoxdur. Məsələ ilə bağlı Nazirlikdə daxili araşdırma aparılıb və bu məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib.

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinin pozulmasına yol verdiyinə görə günahkarlara qarşı cərimə-cəza tədbirləri tətbiq olunub.

Fevral ayının sonlarında 40 min ədəd zəlinin yenidən ölkədən qanunsuz yolla çıxarılmasının qarşısı alınaraq müsadirə olunub və yenidən qanunsuz olaraq Zoologiya İnstitutu tərəfindən Mingəçevirdəki sututarlarında yerləşdirilib.

Bununla bağlı məsələ aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və 14 mart 2017-ci il tarixində zəlilərin bir qisminin vəhşi təbiətə (Şirvan Milli Parkı ərazisində yerləşən Qızılqaz gölünə) buraxılması, digər qisminin isə Nazirliyin idarəetməsində olan müəssisədə saxlanca verilməsi qərara alınıb. Qərar icra olunur. Belə halların təkrarlanmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülür.