Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

16 Fevral 2017, 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı 16 fevral 2017-ci il tarixində kollegiya iclası keçirilib.

Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında nazir H.Bağırov çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxladığını və ölkədə bu istiqamətdə aparılan işlərə böyük dəstək verdiyini kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlər, qazanılmış nailiyyətlər, xüsusən son bir ildə hidrometeorologiya sahəsində texniki-təchizat bazasının büdcədənkənar vəsaitlər hesabına daha da müasirləşdirildiyi və qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.  “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin və Meşələrin İnkişafı Departamentinin hesabatları dinlənilib. Yaşıllaşdırma sahəsində,  meşələrin mühafizə və bərpasında, artırılmasında Ölkə Prezidentinin göstərişlərinə uyğun olaraq kənd təsərrüfatı əhəmiyyətli kol və bitkilərin, aqro meşə sahələrinin salınması istiqamətində aparılan işlərlərin nəticələri təhlil edilib, müvafiq tapşırıqlar verilib və 10 gün müddətində yenidən müzakirəyə çıxarılması qərara alınıb.

Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru ötən ilin yekunları ilə bağlı məlumat verib. Müsbət nəticələrlə bərabər, nöqsanlar da qeyd olunub, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə irad bildirilib. Bütün ərazi idarələrinə ekoloji qanun pozuntuları ilə daha ciddi mübarizə aparılması üçün müddətli göstəriş verilib. Bununla yanaşı, Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və  bərpası müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edilib.

Daha sonra Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Milli Geoloji Kəşfiyyat Xidmətinin də 2016-cı ilin yekunları, qarşıda duran vəzifələri barədə hesabatları dinlənilib.

Kollegiya üzvləri nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin  izahatlarını qəbul edib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.