Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov yanvar ayının 27-də Şirvan şəhərində vətəndaşlarla görüşüb
27 Yanvar 2017, 00:00
27 yanvar 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şirvan şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının binasında Şirvan, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Qəbul zamanı 40-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, bioresurslar, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.