Qanunsuz ağac kəsintisi ilə bağlı araşdırma aparılıb
22 Dekabr 2016, 00:00
Gədəbəy rayonu Əyrəvəng kənd sakini Tofiq İsmayılov tərəfindən Gədəbəy rayonunun Saratovka meşəbəyliyində qanunsuz ağac kəsintisi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış şikayət məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Aparılan araşdırma zamanı Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayında, ümumilikdə 428,90 m3 həcmində 2514,59 manat köküstə nırx dəyərində müxtəlif cinsli 158 ədəd yaş ağacın qanunsuz kəsilməsi faktı aşkarlanıb. Eyni zamanda həmin dolayda meşəbəyi Qinyaz Salehova məxsus N-204 damğa ilə damğalanmış, lakin qeydiyyata alınmamış 11,43 m3 həcmində 186,88 manat, meşəbəyi köməkçisi Rövşən Məmmədova məxsus N-199 damğa ilə damğalanmış 11,42 m3 həcmində 139,46 manat köküstə nırx dəyərində qanunsuz qırıntının olduğu müəyyən edilib.
Aparılan yoxlama nəticəsində meşələrin qanunsuz qırılmasına şərait yaratmış Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.