Azərbaycanda bu il 5 bəbir balası dünyaya gəlib
30 Noyabr 2016, 00:00
Hirkan Milli Parkı ərazisində 2016-cı ilin payız aylarında ana bəbirin 2 balası ilə fotoşəkli qeydə alınıb. Fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) dəstəyi ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdiyi layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.
Hirkan MP-da bəbirlərin əsas qidasını yabanı donuz, cüyür və digər məməlilər (çaqqal, porsuq, tirəndazlar və s) təşkil edir. Parkda bəbirlərin təbii artımı faktoloji olaraq ilk dəfə isbat edilib.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində Həsən Əliyev adına Zəngəzur Milli Parkında da bəbir ailəsi 3 balası ilə müşahidə olunub.
Qeyd edək ki, Milli Park yaradıldıqdan sonra ərazidə bəbirlərin əsas qidası hesab olan bezoar keçilərinin sayının bərpa olunması, nadir və nəsli kəsilməkdə olan yırtıcı növlərin sayına müsbət təsir edib. Milli Park ərazisindəki güclü mühafizə rejimi və bol qida mənbəyi 3 balanın böyüməsinə şərait yaradıb.
Son bir neçə ildə artıq dəfələrlə qeydə alınan nadir fauna növlərinin görüntüləri faktı ölkə başçısının ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin məntiqi nəticəsi, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın son illər Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlərin bəhrəsidir. Eyni zamanda xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, intensiv ekoloji maarifləndirmə işlərinin aparılmasından və nəticə etibarilə bəbirin yaşaması, çoxalması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (bezoar keçi, muflon və s.) sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.