Qlobal İqlim dəyişmələri müzakirə olunub
17 Noyabr 2016, 00:00
14-17 noyabr 2016-cı il tarixlərində Mərakeşdə BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 22-ci Tərəflər Konfransı keçirilib. Açılış mərasimində BMT-nin Baş katibi Ban Gi Mun və Mərakeş kralı 6-cı Məhəmməd iştirak edib. Dünyanın 194 ölkəsindən 15 minə yaxın nümayəndənin iştirak etdiyi konfransda Azərbaycan tərəfini ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Noyabrın 16-da, Konfransın Yüksək Səviyyəli Seqmentinin Plenar iclasında H.Bağırovun Azərbaycanda İqlim dəyişmələrinə qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlər və gələcəkdə nəzərdə tutulan vəzifələrə dair çıxışı dinlənilib.
H.Bağırov çıxışında qlobal iqlim dəyişmələrinin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu və bu təhlükənin qarşısının alınması üçün Azərbaycanın 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair iddialı öhdəliyi hədəf kimi götürdüyünü bəyan edib.
Nazir bildirib ki, Azərbaycanda qlobal iqlim dəyişmələrinə qarşı götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilib və bundan sonra da tullantıların azaldılması üçün konkret layihələrin reallaşdırılması davam edəcək. Hazırda ölkədə bərpa olunan enerjidən istifadənin genişləndiyi, karbonun udulması üzrə yeni meşə massivlərinin salındığı, günəş panelləri istehsal edən zavodun fəaliyyətə başladığı və elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 600 milyon ton karbon tullantısının azaldıldığı vurğulanıb və bütün bu tədbirlərin Azərbaycan dövlətinin öz maliyyə vəsaiti hesabına həyata keçirildiyi xüsusi olaraq qeyd edilib.
Eyni zamanda H.Bağırov çıxışında Ermənistan tərəfindən işgal olunmuş ərazilərdə təbii sərvətlərin vəhşicəsinə talan edildiyini, meşələrin amansızcasına yandırıldığını bildirib və bu cür amillərin götürülən öhdəliklərin yerinə yetirilməsinə maneə olduğunu, Birləşmiş Millətlər Təşkilatınıın bu sahədə təsir gücünün daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.