Xəbərlər

Acınacaqlı ekoloji durumun aradan qaldırılması üçün dövlət qurumlarna müraciət hazırlanıb

01 Noyabr 2016, 00:00

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına İmişli rayonunun bir qrup sakinləri tərəfindən rayon ərazisində fəaliyyət göstərən “Araz Konservləşdirilmiş şirələr və konyak zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsalat sahəsində ətraf mühitin çirkləndirməsi ilə bağlı daxil olmuş şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb, qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti müəssisənin daxili texnoloji infrastrukturuna daxil olmadan (zavodun kənarından və əldə olunan materiallar əsasında) öyrənilib.

Qeyd edək ki, müəssisənin əsas fəaliyyəti şərab və spirt istehsalından ibarətdir. İstehsalatda spirt çuğundur və şəkər qamışından əldə olunan şirənin – melasın (melas – şəkər istehsalında şəkərlə birgə alınan yanaşı məhsul) su ilə qarışdırılması və qıcqırdılması nəticəsində alınır. İstifadə olunan melas xammalı İmişli şəkər zavodundan gətirilir.

Araşdırma zamanı məlum olub ki, müəssisənin istehsalat prosesində formalaşan melas tərkibli tullantı suları və ümumiyyətlə əmələ gələn tullantıları təmizlənmədən, zərərsizləşdirilmədən qanunvericilik aktlarının tələbləri pozulmaqla davamlı olaraq yaxınlıqdakı şor kanala, oradan da öz axını ilə Mil-Muğan kollektoruna axıdılır. Fiziki göstəricilərinə görə melas müəyyən xarakterik iyə məxsus olan yarımfabrikant məhsuldur. Spirt istehsalı üçün tərkibindəki faydalı elementlər mənimsənildikdən sonra istifadə olunan fabrikantların tullantısı ətraf mühit üçün tələb olunan norma səviyyəsinə gətirilmədən birbaşa müəssisədən kənarlaşdırılır.

Müşahidələr nəticəsində müəyyənləşdirilib ki, kəskin, xoşa gəlməz iy-qoxuya malik olan bu tullantı sularının şor kanala qarışmasından sonra daha kəskin biogen xassəli üfunətli qoxu ətrafa yayılır. Müəssisədə sanitariya, ekologiya, ətraf mühitin mühafizəsi üzrə norma və qaydalar pozulur, əmələ gələn tullantıların idarə olunması təmin edilmir.

Eyni zamanda müəssisədə Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi qanunvericiliyinin və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərinə əməl olunmur. Müəssisənin müvafiq layihə sənədləri ekoloji ekspertizaya verilməyib, atmosferə atılan zərərli maddələrə görə icazə sənədi razılaşdırılmayıb və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatları, həmçinin 2 TG (hava, su təsərrüfatı, bərk tullantılar) statistık hesabatları tərtib olunmayıb.

Aparlan müşahidələrin və araşdırmaların nəticələri göstərir ki, İmişli şəhəri və ətraf kəndlərdə pis qoxu ilə müşahidə olunan və nəticədə insanların narahatçılığına səbəb olan üfunətin səbəbi təkcə “Araz  Konservləşdirilmiş şirələr və konyak zavodu” MMC-nin istehsalat sahəsi ilə məhdudlaşmır. Belə ki, şəhər demək olar ki, üç tərəfdən kanallarla əhatə olunub  və çirkab sular heç bir təmizlənmə mərhələsi keçmədən Mil-Muğan kollektoruna istiqamətləndirilir. Kanallar baxımsızlıqdan istifadəyə yararsız vəziyyətdədir, su buraxma qabiliyyəti olduqca zəifdir.

Rayonun istehsalat müəssisələrində yaranan və şəhərin təsərrüfat-məişət mənşəli tullantı sularının təmizlənməsi və zərərsizləşdirilməsi üçün təmizləyici qurğular sistemi mövcud deyil. Şəkər istehsalı müəssisələri şəbəkəsində əmələ gələn tullantı sularının təmizlənməsi üçün nəzərdə tutulan təmizləyici qurğular işləmir.

Yaranmış vəziyyət və acınacaqlı ekoloji durumun aradan qaldırılması ilə bağlı kompleks tədbirlər planının hazırlanması və bu tədbirlərin təxirə salınmadan həyata keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, “Azərsu” ASC-yə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə və İmişli rayon İcra Hakimiyyətinə ünvanlanan məktub hazırlanıb.