Xəbərlər

“Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi öz işinə başlayıb

16 Noyabr 2016, 00:00

“Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə təşkil olunan “Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi 16 noyabr 2016-cı il tarixində öz işinə başlayıb. 

Sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələrini kompleks şəkildə təqdim etmək üçün dünyanın 14 ölkəsindən 62 şirkət iştirak edir. Onlar arasında Azərbaycan, Almaniya, Belçika, Çexiya, Danimarka, İsrail, Finlandiya və digər ölkələr var.

Dövlət strukturlarının, o cümlədən qeyri-dövlət sektorunun da iştirak etdiyi tədbirdə, debüt edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi öz stendində Azərbaycanda həyata keçirilən birgə ekoloji layihələri nümayiş etdirəcək.

“Caspian Ecology” sərgisində təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də su texnologiyaları, su təchizatı sistemləri, çirkab və yağış sularının təmizlənməsi sistemləri, mikro-tunelləşdirmə, suyun təhlili üçün ölçmə və tənzimləmə texnologiyaları üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş ediləcək.

7-ci Beynəlxalq Ətraf Mühit sərgisinin keçirilməsində əsas məqsəd işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə əlavə təkan verməkdən ibarətdir. 

“Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi 18 noyabr 2016-cı il tarixinədək davam edəcək.