Xəbərlər

Ağacəkmə aksiyasında kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilib

11 Noyabr 2016, 00:00

Ölkə Prezidentinin kənd təsərrüfatı sahəsində ixracın artırılması və idxal məhsullarının azaldılması haqqında çağırışları, yerli məhsulların əkininin, istehsalının çoxaldılması istiqamətində apardığı kampaniyaya, həyata keçirilən iqtisadi islahatlara dəstək olaraq 11 noyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında daxili tələbatın ödənilməsi və ixrac potensialı nəzərə alınaraq kənd təsərrüfatı əhəmiyyətli zeytun ağaclarının əkini aparılıb.

Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, nazirliyin əməkdaşları ilə yanaşı, ictimaiyyət nümayəndələri və ekoloji qeyri-hökumət təşkilatlarının ümumilikdə 300-ə yaxın təmsilçisi iştirak edib. Əzaq məhsulları istehsalının genişləndirilməsi məqsədilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu ərazisinin 1,5 hektarlıq sahəsində, zeytun ağaclarından ibarət yeni yaşıllıq sahəsi salınıb.

Sonra aksiya iştirakçıları 30 hektardan artıq ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərib.

Qeyd edək ki, kənd təsərrüfatı əhəmiyyətli ağacların əkilməsi ilə bağlı analoji aksiyalar ölkənin digər magistral avtomobil yollarının kənarlarında, meşə fondu ərazilərində də həyata keçirilir. Qoz, fındıq, nar, tut və sair yerli tələbatın ödənilməsinə və ixraca yönələn ağacların əkini davam etdirilir.