Xəbərlər

Şəki rayonu ərazisində ayı ovlayan şəxslər saxlanılıb

29 Oktyabr 2016, 00:00

29 oktyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinə (Balakən-Zaqatala- Qax Şəki inzibati rayonlarını əhatə edən) Şəki rayonu ərazisində qanunsuz ov edilməsi ilə bağlı siqnal daxil olub.

Nazirliyin əməkdaşları dərhal reyd keçirib və reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli bilinən ; markalı AQS 95-85 dövlət qeydiyyat nişanlı maşın saxlanılıb. 7 nəfərin olduğu avtomobilə baxış keçirilərkən 7 ov tüfəngi, bir baş  ovlanmış ayı cəmdəyi və dərisi, həmçinin iki aylıq bir diri ayı balası aşkar edilib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, qanunsuz ov edən şəxslər Şəki rayonu, Şin kəndinin sakinləridir. Ərazi sərhəd zonası olduğundan hazırda ETSN-nin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birgə araşdırma və sənədləşmə aparır. Sənədləşmə başa çatdıqdan sonra təqsirli bilinən şəxslər barəsində qanunamüvafiq qaydada tədbir görüləcək.

Avtomobildə aşkar olunan tüfənglər və ayı cəsədi maddi sübut kimi Şəki rayon Polis şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reablitasiya Klinikasına təhvil veriləcək.