Xəbərlər

“Xəzər həftəsi” ilə əlaqədar maarifləndirici tədbir keçirilib

28 Sentyabr 2016, 00:00

Dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.

Dünyada olduğu kimi ölkəmizdə də “Beynəlxalq dəniz günü”nün yüksək səviyyədə qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi cari ilin 27 sentyabr 01 oktyabr tarixlərini əhatə etməklə hazırlanmış müvafiq tədbirlər planına əsasən “Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında -Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində görülmüş işlər barədə ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulub. 

 28 sentyabr 2016-cı il tarixində Nazirliyin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində respublikanın ali məktəb tələbələri ilə “Xəzərin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, perspektivlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Nazirliyin mütəxəssisləri “Beynəlxalq Dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr barədə iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Bu kimi tədbirlər “Xəzər həftəsinin” davam etdiyi müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Respublikanın Xəzərsahili şəhər və rayonlarının orta təhsil müəssisələrində də keçirilir.

Qeyd edək ki, Nazirlik müvafiq tədbirlər planına uyğun olaraq “Xəzər həftəsi” çərçivəsində ictimaiyyətin maarifləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirləri davam etdirəcəkdir.