Xəbərlər

Ekolojoi Turizm Şurasının ilk iclası keçirilmişdir

20 Sentyabr 2016, 00:00

2016-cı il 19 sentyabr tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində təbiət turizmi üzrə ixtisaslaşan şirkət və qrup nümayəndələrinin də daxil olduğu Ekoloji Turizm Şurasının ilk iclası keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrindən ibarət olmaqla yaradılmış Ekoloji Turizm Şurasının sədri Ekologiya və Təbii Sərvətlər Naziri cənab H.Bağırov iclasda iştirak etmişdir.

Tədbirdə, Şuranın Əsasnaməsinin qısa zamanda hazır olacağı, Şuranın yaradılmasının məqsəd və məramı, qarşıda duran məsələlər, təbiət turizmi sahəsində nəzərəçarpacaq artımın olduğu, turizmin genişləndiyi, təbiətə kütləvi axının baş verdiyi bir vaxtda təbiətlə münasibətdə düzgün yanaşmanın vacibliyi, qarşıya çıxan problemlərin aradan qaldırılması, təbiətə qayğıkeş münasibəti formalaşdıran tərbiyəvi tədbirlərin görülməsinə ehtiyacın olması, gələcəkdə turizmin inkişafı sahəsində birgə fəaliyyətin həyata keçirilməsinin vacibliyi məsələlərinə toxunulmuşdur.

İclasda həmçinin, ekoturizm marşrutlarının pasportlaşdırılması, Milli Parklarda və meşə ərazilərində marşrut sxemlərinin hazırlanması, marşrutlar üçün texniki təchizatın lazımı səviyyədə təmin edilməsinin vacibliyi, təhlükəsizlik tədbirlərinin görülməsi barədə fikir mübadiləsi aparılmış, Ekoloji Turizm Şurasının üzvü olan şirkət nümayəndələrinə qısa müddətdə qeyd olunan  sahələr üzrə təkliflərini hazırlayaraq Şuranın katibliyinə təqdim etməsi qeyd edimişdir.