Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib
16 Sentyabr 2016, 00:00
16 sentyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib. İclasda dörd məsələ - Meşələrin İnkişafı, Ətraf Mühitin Mühafizəsi, Milli Hidrometeorologiya və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin 2016-cı ilin ötən 8 ayı ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında nazir H.Bağırov ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Nazir dövlət başçısının ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlamasını, ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyini bildirib.
Gündəlikdə duran məsələlər barədə əvvəlcə meşə sahələrinin artırılması və bərpası istiqamətində 2016-cı ilin 8 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə Meşələrin İnkişafı Departamentinin direktoru Ş.İsmayılov çıxış edib. Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri R.Mirzəyev ötən dövr ərzində departament tərəfindən görülmüş işlərin yekunu, qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Milli Hidrometeorologiya Departamentinin direktoru X.Ramazanov çıxış edərək cari ilin 8 ayı ərzində görülən işlər barəsində danışıb. Sonra Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini M.Avazovanın məruzəsi dinlənilib.
Dinlənilən məruzələrlə bağlı müzakirələrdə müvafiq qurumlarda görülmüş müsbət işlərlə bərabər, nöqsanlar da qeyd olunub, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə iradlar bildirilib. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyi pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq edilən cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinin baxılmamış qalması qeyd edilib.
Meşəbərpa işlərinin bəzi müəssisələrdə qənaətbəxş olmadığı və həmin müəssisələrin bu istiqamətdəki fəaliyyətində təcili dönüş yaradılması barədə göstərişlər verilib. Hidrometeorologiya müəssisələrində isə son illərdə texniki-təchizat bazasının yenilənməsi prosesi baş versə də, bəzi məsul şəxslərin vəzifə borclarını layiqincə yerinə yetirə bilməmələri xüsusi qeyd olunub və hidrometeorologiya idarələrinin bir sıra işçisinə töhmət verilib.
Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edilib. Bəzi tabeli qurumların fəaliyyəti ilə bağlı kompleks araşdırma aparılması tapşırılıb və onların barəsində 7 gün ərzində son qərar qəbul ediləcəyi bildirilib.