ETSN-də təbiət turizmi üzrə ixtisaslaşan şirkət və qrup nümayəndələrinin də daxil olduğu Şura yaradılıb
09 Sentyabr 2016, 00:00
(Məqsəd təbiət turizminin inkişafını təbiətə ziyan vurmadan inkişaf etdirmək, bu sahədə qərarların qəbulunda ictimaiyyətin müvafiq sahə üzrə nümayəndələrinin iştirakını təmin etməkdir)
Azərbaycanın hərtərəfli inkişafı, lazımi infrastrukturun yaradılması ölkədə turizmin inkişafı üçün də şəraitin formalaşmasına səbəb olub.
Təbiət turizmi sahəsində də sıçrayışlı artım göz qabağındadır. Turizm böyüyür, təbiətə kütləvi axın edilir. Belə kəskin artım bəzən təbiətə münasibətdə təbii yerlərin tükənməsi ilə bağlı problemlərin ortaya çıxmasına səbəb ola bilir.
Lakin məsələyə düzgün yanaşma belə problemlərin qarşısını alar. Cəza və cərimə ilə bərabər həm də təbiətə qayğı aşılayan tərbiyəvi tədbirlərin görülməsinə ehtiyac var.
Təbiətin mühafizəsinə cavabdeh qurum kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşəbbüslə çıxış edib. Təbiət turizmi, dağ turizmi və dağçılıqla məşğul olan şirkət və qrupları təbiətə kütləvi axın nəticəsində yaranan fəsadlarla bağlı məlumatlandırmaq və mövcud problemlərin birgə müzakirəsi məqsədi ilə Nazirlikdə görüş keçirilib.
30-dək turizm şirkətinin rəhbəri, dağçılıq klublarının təmsilçiləri, fərdi təbiət həvəskarları, həmçinin Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinın nümayəndələrinin dəvət olunduğu görüşü giriş sözü ilə nazir Hüseyn Bağırov açıb.
Nazir qeyd edib ki, 2002-ci ildən ölkə başçısının təşəbbüsü ilə qoruq əraziləri genişləndirilib və Milli Parklara çevrilib. Az bir müddət ərzində xüsusi mühafizə olunan ərazilər 400 min hektardan 1 milyon hektara çatdırılıb. Həmin ərazilərdə mühafizə işləri sayəsində təbii bərpa gedib, torpaqlar mal-qaranın taptağından, eroziyadan xilas olub. Nəticədə qorunan ərazilər gözəgəlimli şəkil alıb və insanlar meşələrdən, təbiət ərazilərindən istifədə etmək üçün həmin yerlərə can atır.
Amma görməli təbiət ərazilərinə, meşələrə, dağlara kortəbii və pərakəndə şəkildə çoxsaylı iştirakçılarla edilən turlar nəticəsində təbiət ərazilərinin həddən aşırı istismarı müşahidə edilir, o cümlədən meşə və dağların müxtəlif tullantılarla çirkləndirilməsi baş verir. Bu cür hallara qarşı ETSN tərəfindən inzibati qaydada mütəmadi tədbirlər görülsə də, konstruktiv ruhda əməkdaşlıq etmək və təbiətə ziyan gətirməyən fəaliyyəti qurmaq üçün yollar tapılmalıdır. Bu səbəbdən belə bir görüşün keçirilməsi zərurətinin yarandığını qeyd edən nazir bildirib ki, sadəcə bir məsələni unutmamalıyıq ki, təbiətin də öz tutumu var və həddən artıq kütləvilik olanda, təbiət onun öhdəsindən gələ bilmir, özünü bərpa edə bilmir.
Sonra mövzu ətrafında səmimi söhbət və müzakirələrə başlanılıb. Turizm şirkətlərinin nümayəndələri, o cümlədən “Ekstrim” turizm şirkətinin direktoru C.Abdullayeva, “Millenium turizm”in rəhbəri R.Quliyev, “ZD Travel”in direktor müavini H.Məmmədov, “Baku Holiday”in direktoru R.Rzayev, fərdi təbiət həvəskarı C.Qara və digərləri çıxışlarında təbiətə ziyan vurmadan fəaliyyət göstərməyin tərəfdarı olduqlarını, bu işdə öz məsuliyətlərini dərk etdiklərini bildiriblər.
Müzakirələrdə nazirlik tərəfindən yüksək dağlıq ərazilərdə yerləşən milli parklara giriş prosedurlarının və sənədləşmə işlərinin daha da sadələşdirilməsi məsələsinə də toxunulub. Nazir təklif edib ki, müraciət edən şirkət, klub və ya digər təşkilat yüksək dağlıq ərazilərdə turistlər üçün təhlükə yarandığı təqdirdə xilasetmə işlərinin təşkilini, sığorta işlərini, milli parkda davranış qaydalarına riayət edilməsini və digər bu kimi zəruri şərtləri boynuna götürəcəyi təqdirdə giriş 1 gün ərzində həyata keçirilsin.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində təbiət turizmi ilə məşğul olan şirkət və qrupların nümayəndələrinin iştirakı ilə Ekoloji Turizm Şurasının yaradılması fikri iştirakçılar tərəfindən dəstəklənib.
Nəticədə, toplantının yekunu olaraq Ekologiya nazirinin sədrliyi ilə Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrinin iştirakı ilə Ekoloji Turizm Şurası yaradılıb.