Xəbərlər

Nabran meşələrini zibilləyənlər kimlərdir?

27 Avqust 2016, 00:00

Məlum olub ki, kiçik və böyük qruplarla gəzintiyə gələn və günlərlə pərakəndə şəkildə meşələrdə qalaraq çadır qurub istirahət edənlərdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə Nabran ərazisində məişət tullantılarının idarə olunmaması və eyni zamanda meşə ərazilərinə atılması barədə daxil olan məlumat dərhal şikayətçilərin iştirakı ilə yerində araşdırılıb . 

Şikayətçilər Xaçmaz rayonu Dalğalı kənd sakinləri E.Şahverdiyeva, S.İsgəndərova və həmin kənddə istirahət edən Bakı şəhər sakini A.Əhmədovanın iştirakı ilə ərazilərə baxış keçirilib, tullantıların idarə olunması vəziyyəti yoxlanılıb.

Aparılan araşdırma zamanı Nabran ətrafında yerləşən Dalğalı kəndi ərazisində və kəndə bitişik meşə sahələrində, o cümlədən həmin istiqamətdəki “Kardinal” istirahət mərkəzinin yaxınlığında məişət tullantılarının atıldığı və qalaqlandığı aşkar edilib. Kənd ərazisində, istirahət mərkəzi yaxınlığında tullantıların idarə olunmamasına görə Xaçmaz rayonu Nabran Bələdiyyəsinin sədri Qüdrət Qədimovun İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə  vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunması barədə inzibati icraata başlanıb, nöqsanların aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Lakin araşdırma müddətində meşə ərazilərinə tullantıların kimlər tərəfindən atıldığını müəyyən etmək mümkün olmayıb. Nazirlik əməkdaşlarının bununla bağlı şikayətçilərə və bələdiyyə sədrinə ünvanladığı suallar birmənalı olaraq  cavablandırılıb: “Bu tullantılar meşələrə kiçik və böyük qruplarla gəzintiyə gələn və günlərlə pərakəndə şəkildə meşələrdə qalaraq çadır qurub istirahət edənlərin zir-zibilləridir.” Şikayətçilər və kənd sakinləri bildiriblər ki, belələri bütün il boyu  yaxınlıqdakı meşələri tapdaq altında qoyub zibilxanaya çevirirlər. “İnanın ki, onların məişət və bioloji tullantılarının üfunətindən meşəyə girmək mümkün deyil.”

         Yaranmış mövcud vəziyyətin təkrarlanmaması məqsədilə ETSN tərəfindən Xaçmaz  Rayon İcra Hakimiyyətinə, Xaçmaz rayon Nabran Bələdiyyəsinə, Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinə qanunamüvafiq tədbirlərin görülməsi üçün rəsmi müraciət olunub.

 Eyni zamanda Nazirlik əməkdaşları tərəfindən aparılan araşdırmalar və ümumi müşahidələr nəticəsində belə bir qənaətə gəlinib ki, həqiqətən də bir qrup dırnaqarası təbiətsevər tərəfindən, guya avropasayağı istirahət adı ilə meşələrə sözün həqiqi mənasında hücum olunur. Müxtəlif “yaşıl”, ”təbiət” və s. adlar ilə maskalanan qruplar tərəfindən sosial şəbəkələrdə çağırışlar edilir, təbiət ərazilərinə, meşə sahələrinə qanunsuz turlar təşkil olunaraq təbiətə divan tutulur. Onların belə kortəbii və pərakəndə hücumları nəticəsində meşə sahələri məişət və bioloji tullantılarla çirkləndirilir, kabab, çay və kofe keyfləri üçün yandırılan ocaqlardan meşələrə od düşür ki, bunun da nəticələri ictimaiyyətə məlumdur. 

Amma ətraf mühiti çirkləndirənlər atdıqları tullantılara görə vicdan əzabı çəkmək əvəzinə, təbiətə zərər gətirən həyat tərzlərini dəyişmək əvəzinə, doğrudan da ətraf mühitə dost münasibət üzərində qurulan dəyərlərə sahib çıxmaq əvəzinə utanmadan sosial şəbəkələrdə demaqoqiya, spekulyasiya ilə məşğul olaraq fəaliyyətlərini davam etdirirlər.  

Ona görə də təbiətimizə qənim kəsilən şəxslərin və qrupların törətdikləri inzibati və cinayət məsuliyyətlərinin müəyyənləşdirilməsi və konkretləşdirilməsi istiqamətində qətiyyətli və daha ciddi tədbirlərin görülməsinə başlanılıb, nazirlik tərəfindən qətiyyətli qərarlar qəbul olunur. Artıq bu cür şəxslərə və qruplara qarşı qanunun gücündən istifadə olunaraq yeni qaydalar hazırlanıb və qısa zamanda onların cəzalandırılması üçün istifadə ediləcək.

Belə ki, Nazirliyin Ətraf mühitin mühafizəsi departamenti tərəfindən İnzibati Xətalar Məcəlləsinin Meşə fondu torpaqlarının zibillənməsi və korlanması, həmçinin Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi maddələri ilə cərimələr tətbiq ediləcək, əməllərində cinayət tərkibi təsdiq olunacağı təqdirdə isə hüquq mühafizə orqanlarına müraciət olunacaq. Bununla belə, cari ilin iyul-avqust aylarında təkcə Müqtədir-Nabran ərazilərində bərk məişət tullantılarının idarə olunması sahəsində qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinə görə, dörd nəfər fiziki şəxs barəsində ayrı-ayrılıqda müxtəlif inzibati cəza tədbirləri görülüb və cərimə tətbiq edilib.