Xəbərlər

Yanğın hadisəsi baş verib

20 Avqust 2016, 00:00

20 avqust 2016-cı il tarixində saat 20:00 radələrində Xızı rayon Qarabulaq bələdiyyəsinə məxsus torpaq sahəsində baş vermiş  yanğın havanın küləkli olması səbəbindən geniş ərazini əhatə edərək Qarabulaq meşəbəyliyinin 5 saylı dolayına keçib.
Yanğının söndürülməsinin qarşısını almaq məqsədilə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Xızı rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə yola düşüb.
Hadisənin ciddiliyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək hadisə yerinə aparılıb. Ümumilikdə Nazirliyin 100 nəfərədək əməkdaşı yanğının söndürüməsinə cəlb olunb. 
Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün  mümkün olan bütün vasitələrdən istifadə olunr. O cümlədən Nazirliyin yerli meşə idarələrinin və Altı ağac milli parkının işçiəri vedrə və su tutumu olan qablardan istifadə edərək yanğını söndürülməsinə çalışırlar. Nazirliyin əməkdaşlarının fədakarlığı, şücaəti və ciddi səyləri nəticəsində, çətin şəraitdə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın lokallaşdırılıb.
Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilməkdədir. 
Qeyd edək ki, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların odla ehtiyatsız davranışı, taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından irəli gəlir.
Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.