Xəbərlər

Xəzər dənizinin və ölkədəki digər sututarlarının çirkləndirilməsi və hidrokimyəvi vəziyyəti ilə bağlı bülletenlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında yerləşdirilir

16 Avqust 2016, 00:00

ETSN-nin rəsmi saytında nazirliyin fəaliyyətini əks etdirən məlumatlar, gündəlik xəbərlərlə bərabər “Bülletenlər” bölümündə (http://eco.gov.az/az/693-bulletenler) Xəzər dənizinin və ölkədəki digər sututarlarının çirkləndirilməsi və hidrokimyəvi vəziyyəti ilə bağlı Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin  apardığı monitorinqlərin nəticələri də dərc olunur. Hazırlanmış bülletenlər eyni zamanda aidiyyəti qurumlara göndərilir.

Geniş ictimaiyyətin məlumatlandırılması üçün mütəmadi olaraq hazırlanan bülletenlərdə Xəzər dənizində və onun sahil zolağında keçirilən  ekoloji monitorinqlərin aylıq nəticələri, Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi haqqında on günlük hidrokimyəvi məlumatlar öz əksini tapir.

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı aparılan genişmiqyaslı monitorinqlərin nəticələri isə Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılır. Aşkar olunan qanun pozuntularına görə akt və protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun cərimələr tətbiq olunur, məcburi göstərişlər verilir. Qanun pozuntularının aradan qaldırılması istiqamətində Nazirlik əməkdaşları öz səlahiyyətləri çərçivəsində yalnız inzibati tədbirlər görə bilir və aidiyyəti qurumlar qarşısında məsələ qaldırır.

 Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirinin təşəbbüsü ilə nazirliyin fəaliyyətində şəfafflığın təmin edilməsi məqsədi ilə 4 ildən artıqdır ki, Xəzər dənizi və sahil zolaqlarında, digər sututarlarında aparılan monitorinqlərin nəticələri barədə arayışlar mütəmadi olaraq rəsmi internet səhifəsində yerləşdirilir və bu məlumatlar hər kəs üçün daim açıqdır.