“Xəzər günü” ilə əlaqədar bir sıra tədbirlər keçirilib
13 Avqust 2016, 00:00
2007-ci ildən etibarən hər il ənənəvi olaraq qeyd olunan “Xəzər günü” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müxtəlif tədbirlər keçirilir.
12 avqust 2016-cı il tarixində müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, özəl sektorun iştirakı ilə Nazirlikdə Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizmi müzakirə olunub, eyni zamanda gənclər və yeniyetmələrlə birgə maarifləndirici tədbirlər təşkil edilib.
Tədbirdə uşaqlara Xəzər dənizinin ətraf mühitinin qorunması haqqında məlumat verilib, viktorinalar və rəsm müsabiqəsi keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
Sonra tədbir iştirakçıları "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olub.
Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında ETSN-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyası keçirilərək 2 hektar ərazi tullantılardan təmizlənib.
Eyni zamanda belə maarifləndirici tədbirlər regionlarda da, digər Xəzər sahili zonalarda təşkil edilib.
Xatırladaq ki, 12 avqust 2006-cı il tarixində Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.